Friday, October 06, 2006


پري-ساري گلين


Pəri-Sarı Gəlin


Sarigelin_peri@yahoo.com



Bayrağım dilim … dalğalansana!

…burax gözlərim
burax ürəyim sızlasın
küçələrdən silinsə də
tökülən günahsız qanlar
ürəyimin torpağında
ömürlük qalacaq
sənin yaşlarınla bəsləyəcəm
qan dənini
intiqam göyərəcək
heç solmayacaq
öc almayınca

burax ürəyim

burax gözlərim ağlasın
yerlərdən yığdığı qanlar
indi zuğ atıb
bax!
qrmızı lalələr boylanıb
bəbəklərində!
borcluyam o ölməzlərə
al lalə əkməliyəm
hər məzarın başında
günlərcə...
zəfər gününə qədər

burax əllərim

qoy qələm dilə gəlsin
çizsin
ağ sinəsini kağızın
coxdan bitmiş
göy mürəkkəbi!
qan dolaşır damarında
bax!
qan qusacaq indicə qələmim!
qan yazacaq!

burax canım

özgür burax ruhumu
ənginliyə var həvəsi
ver açarı
açım dar qəfəsi
ruhumu azad et, uçursana!

Eh… boş ver dilim
nə çıxar bağlı qalmaqdan?
söyləyə bilməyəcəksənsə düşüncəmi
nəyə yarar var oluşun ağzımda?!
ya haykır istəyini
ya sökül kökündən
haydı... haraylan...
bağırsana…
sən bayrağım dəyilsənmi?
dalğalansana...
mənliyini, özlüyünü çağırsana…
alsana...!!

Sarı Gəlin ( Pəri )- 16 June 2006

1- Türkün gücü

Hələ çapdır atını...
hələ yandır vətən gülzarını
kül et arzular fidanını...
hələ tapdala kimliyimi
kəs dilimi... əz varlığımı...
hələ qaldır hər gün zəfər bayrağını
zindanlar divarlarına !!...
Mənim səbrim bitən dəyil
elə gücüm də...
ya sənin ?!
əlbəttə sənin də
ömrünün, saralan o son yarpağı da düşəcək
dövranın bitəcək
bax! Bitməkdədir belə...
Gün gələr əzdiyin kimi əzilərsən
bir qurumuş ağactək kökündən kəsilərsən...
Mən əsalətli qar kimiyəm
zülmün hərarətindən ərisəm də
yox olmaram mən
billur kimi duruluq, şəffaflıq gözlər məni
aydınlıqdır gələcəyim...
Baxma ki tək başıma bir damlayam
"birlik" çeşməsinə
Axsam…
qarışsam axan çaylara
coşsam...
dalğalar qoynunda çatsam günəşə
içsəm yudum yudum sarı ışığını...
silsəm ürəyimin köhnə pasını
parlasa köksüm
vətənimin qızıl torpağıtək...
buludların bəyazlığına
qarışsam…
borc alsam səxəvətindən
bütün xalqıma yetəcək qədər!
yağış olsam…
yağsam tüm susuz ruhların üzərinə!
öz həyatımdan pay verib
can vere bilsəm quruyan çicəklərə...
Qıraram əllərimə hördüyün torlarını
yıxaram "90 illik" sitəm qoxan qalanı
göstərərəm aləmə çirkin, o örümcək üzünü!
Bax!
Elə o gün sənin ömür çırağın sönəcək
baxtın taxtdan düşəcək!
o gün türk xalqımın üzü yenə güləcək
Çox yaxındadır o gün, görəcəksən
"elin gücü sel gücüdür" biləcəksən
Artıq sönmüş ocaqlarımızı yandıracayıq
daha "sən", "mən" yox, birlikdə "biz" olcayıq
Mən o günün intizarındayam
mənim səbrim bitən dəyil
"Türkün" gücü bitən dəyil...

Pəri (Sarı Gəlin) - 16 Yanvar 2006

2- Alın yazımdasan

Hara baxıram sən ordasan, yanımdasan
Adın dilimin əzbəri, əlimdəki sazımdasan
.......

Sən olmusan varım, yoxum, tək diləyim
Dərd ortağım, çoxumda həm azımdasan
.......

Necə unudaram səni, ürəyimin arzusunu
Bağlanmısan qədərimə, alın yazımdasan
.......

Nə fərq edər ayların, fəsillərin dəyişməsi
Sən həm qışım həm baharım yazımdasan
.......

Sənsən səslədiyim, Allahımdan istədiyim
Tanrıya etdiyim hər duada, niyazımdasan
.......

Xəyalinlə gülərəm, xəyalinlə mən ağlaram
Hər sevincimdə, axan göz yaşlarımdasan
.......

Səndən əvvəl də yaşayırdım? heç bilmirəm!
Tək bildiyim bu günümdə, sabahımdasan
.......

De səni sevmək niyə günahdır niyə yasaq
Yaşadığım hər gözəllikdə, səvabımdasan
.......

Sanma ki əl çatmazımsan, cox uzaqdasan
Damarımdaki qan, candan ötə canımdasan
.......

Sənsiz heç olmadım qalmadım, olmaramki
Axı çəkdiyim hər nəfəsdəsən, həyatımdasan

Pəri (Sarı Gəlin) - 6 Yanvar 2006

3-Gözlə məni vətən gələcəyəm…

Gözlə məni vətən, gələcəyəm!
Qollarım sarmaşıq olacaq ətirli torpağına
Sevincdən bulud bulud dolub ağlayacağam
Üzündən köhnə qəmin tozunu sıləcəyəm
Gözlə məni vətən, gələcəyəm
.......

Həsrət yüklü illeri geridə qoyub
Vusalının şirin dadını dadacağam
Qurbət daşı sıxmayacaq artıq sinəmi
Atıb, ağırlığın ələyəcəyəm
Gözlə məni vətən, gələcəyəm
.......

Ney etmiş məni, gülzar hicri, sızlaram həzin həzin
Bir sənə qovuşum! Saz olub könlümün titrəyən
tellərin çalacağam!
Eşqinlə ruhum çağlayacaq, nəğmə qoşacaq
Hər şerimdə yurdum-yurdum deyəcəyəm
Gözlə məni vətən, gələcəyəm
.......

Sınacaq bu daş qəfəsin divarları
Quş olub, qanad açıb sənə uçacağam
Nə od, nə külək susdurmayacaq məni
Ta canım var, adını ötəcəyəm
Gözlə məni vətən, gələcəyəm
.......

Həsrətin qışı necədə qar yağdırıb saçlarıma!
Sənlə olsam əriyəcək saçlarımın qarı,
cavan olacağam
Təzə nəfəs səndən, yanan ürək məndən
Sevgimi çiçək edib yoluna sərəcəyəm
Gözlə məni vətən, gələcəyəm
.......

Sənsiz payızam! Nə baharın anlamı var nə gülün
Sənə çatsam nə yarpaq düşəcək ömrümün
ağacından nə solacağam!
Dağdan axan çağlayan çeşmə olub
Susuz sonalarına su verəcəyəm
Gözlə məni vətən, gələcəyəm
.......

mənim çiləli yurdum, baxtsız Ana vətənim
And olsun muqəddəs torpağına, adını hər yerdə
ucaldacağam
Gök üzündə zəfər günəşin doğacaq
Söz verirəm üzündən köhnə qəmin tozunu
siləcəyəm
Gözlə məni vətən, gələcəyəm
Gözlə məni vətən, gələcəyəm! ...................

Pəri (Sarı Gəlin) – 2005

4- Adına qurban AZƏRBAYCAN

Adına qurban Azərbaycan
Qeyrət qoxulu torpağına...
Şirin şəkər dilinə...
Odlu ürəyinə…
nəfəsinə qurban Azərbaycan!
.... .... ....

Aşığının köksünə sıxdığı saza
Sazında sızlayan sarı telə...
Göygölünə, aydın suyuna...
Başı dumanlı
Savalana qurban Azərbaycan!
.... .... ....

Atalarının şərəf çizgili əlinə
Analarının mələk üzünə...
Oğullarının mərdliyinə...
Qızlarının utanqac baxışına,
həyasına qurban Azərbaycan!
.... .... ....

Sənlə yaranmış qədim tarixinə
Babəkinə, koroğluna, nəbinə...
Canına can qatan sevdalına...
21 Azərdə xalqının himmətinə,
axan qanına qurban Azərbaycan!
.... .... ....

Muğamına, nisgilli tarına
Coşqun ürəkli şairinə, sözünə...
Şirininə, həm də acına...
Həsrətinə, sevincinə, sənə Ana diyən
dilə qurban Azərbaycan!
.... .... ....

Mənə bəxş etdiyin şana, şöhrətə
Əbədilik fəxr səbəbim TÜRKlüyümə
Könlü yaralı Arazına, mavi Xəzərinə...
O tayına, bu tayına, hər qarış
torpağına qurban Azərbaycan!
Adına qurban AZƏRBAYCAN
.... .... ....

Pəri (Sarı Gəlin) - 26 Noyabr 2005

5-Bilirəm bir gün bal damlayacaq dilimdən

- Hələ çox yalnızam özgürlük yolunda!
- kaşkı bu sevdamın ayaq izləri qala caddələrdə, yollarda...
- "öz dilimə" susamış səsim, fəğanım ilə
- oxudum…
- oxudum dənizin dalğalarından…
- ləpələrin bəyaz ruhundan
- qayaların dayanışından...
- qaranlıqda həbs olunmuş gecəmizdən...
- həsrətində yandığımız, ışıqlı gələcəyimizdən...

- Ağacların qurumuş bədəni canlandı səsimdən, diləyimdən...
- Budağlarını açdılar özgürlüyə doğru qanad çalan nəğməm
üçün!

- ...Uçmağa qanadım yox, amma
- Yazdım, danışdım illərcə quşdan, uçmaqdan, Azadlıqdan

- ...Sədaqət oyununda həmişə udan mən oldum
- Sədaqətsizlik görsəmdə qəddar zamandan!
- "olsun" dedim...
- Yenə sədaqətli olacağam mən hər zaman!

- Hara baxdım daş qəfəs gördüm
- içində gözü yaşlı gövərçinlər...
- ancaq mən mavi göyün şəklini çəkdim
- bir an belə durmadan könüllər dəftərində
- gök üzündə dolaşan Azadlıq nəfəsi, havası
- Silinməsin , unudulmasın deyə yaddaşlardan!

- Yenə şerimin qanadlarında uçdum ulduzlara...
- Arzulara...
- Nə olar ki !?
- Səbirli olmalıyam...
- Bilirəm bir gün
- ədalatsizlik əlində əsir olmuş "Azadliq" gələcək
- gələcək
- qapımızı döyəcək!
- Bilirəm nəmli zindanların dıvarlarına "birlik" sarmaşığı dolaşacaq
- dustaqlar yıxılacaq...
- "istiqlal" günəşi can verəcək boynu bükük fidanlara
- "bağımsızılq" çiçəyi boylanacaq...
- ucalacaq...
- aydın səmaya çatacaq...
- Bilirəm bir gün
- "yad dilinə" zəncirlənmiş dilimin açarını tapacağam!
- Atacağam bu zənciri…
- "öz dilimə" qovuşacağam
- nəğmələr qoşacağam...
- Bilirəm o gün bal damlayacaq dilimdən...
- "Ana dilimin" şirinliyindən!...

Pəri (Sarı Gəlin) - 6 Noyabr 2005

6-Mənım ürəyim

Ürək var damlaya, ürək var ummana bənzər
Mənim ürəyim nə damladir nə umman
Çağlayan-coşan şəlaləyə bənzər
.......

Ürək var daşlar kimi, ürək var muma bənzər
Mənım ürəyim nə sərt bir daş nə əriyən mum
Bağrında ceyran bəsləyən dağlara bənzər
.......

Ürək var səhraya, ürək var bağa bənzər
Mənım ürəyim səhra deyil, bağ deyil
Kiçik amma ətirli bağçaya bənzər
.......

Ürək var ağlar bulud, ürək var gülən günəşə bənzər
Mənım ürəyim bulud yox, günəş yox
Gözü yaşlı, dodağinda təbəssüm nərgizə bənzər
.......

Ürək var tikan budaği, ürək var qərənfilə bənzər
Menım ürəyim tikan budaği deyil, sevgi qərənfili yox
Əzəldən aşiq olan laləyə bənzər
.......

Ürək var biganə bir not, ürək var tanınmış təranəyə bənzər
Mənım ürəyim nə biganə not nə dillərə əzbər təranə
Həzın səslı sınmış bir tara bənzər
.......

Ürək var qıfıllı bir otaq, ürək var açiq saraya bənzər
Mənım ürəyim nə qıfıllı otaq nə açiq saray
Məhəbbət üçün çırpınan isti yuvaya bənzər
...........
Pəri (Sarı Gəlin) – 2005

7-Arzu

Arzum budur eşq oyununda
sənin yanında olam
Ay ışığından bir kəmənd atam olduğun yerə
sənin yanında olam
.........

Könül istər hər gün düyam
səsini, sözünü
uzaqdan uzağa şeyda olam sözlərinə
sənin yanında olam
.........

Bir tək gülüşün yetər ki
ayrılam yalnızlıqdan
olam azad hər qədəm kədərdən
sənin yanında olam
.........

Bəsdir bu qədər xəyalınla
yaşadım tək başıma
istəyirəm xəyallar gərçəyə dönsün
sənin yanında olam
.........

Qoy hər kəs atsın məni
unudsunlar adımı
təkcə sənin dilində olsun adım
istəyəsən sənin yanında olam
.........

Sən ayrıldın məndən,
getdin çox uzaqlara
inan bir tək çağrınan gələrəm
sənin yanında olam
.........

Yalnız xoş əyyamında
şad günündə dəyil
ən kədərli, dərdli, gecəndə gündüzündə belə
sənin yanında olam

Pəri (Sarı Gəlin) - 2005

8-Qarabağım

Söhbətə çağırır şuşa ceyranı...
Çağırır yaralı yaralı səni...
Çağırır axdıqca gözümün qanı...
Bu gün Qarabağın maralı səni...
"Qabil"

“Şuşa ceyranı” ürəyinə qurban
Sinəndə qanayan yaraya qurban
Gözlərin ağlar, səsin həzin
Vaxtsız ağaran saçına qurban
.......

Sən o tayda, mən bu tayda
Dərdlərin ruhumu çəkir dara
Sanma unutmuşam səni, “Qarabağın maralı”
Hicran acısını sözumdə ara
.......

Çağrına səs verən mənəm, duy səsimi
Həsrətinə yanan mənəm, paylaş qəmini
Bax! Qarabağ çagırır bizi, birləşməliyik
Uğrunda Anamızın sütünə and içməliyik
.......

Dolmasın gözün, düşmən ağlasın
Başını əymə sən, namərd utansın
Vətən adlı sevdamız cəhanı sarsın
Qoy bu sədamız hər yanda ucalsın

"" Damarlarımdakı axan, dolaşan qan!
Könül yaram, sevgi bağım “Qarabağım”
Qara gününü gördükcə bağrım şan şan
Baxtı qaram, Arzu anam “Qarabağım”

Adınla fəxr edir səni hər tanıyan
Dillərdə əzbər olsun adın “Qarabağım”
Zəfər günəşin doğmaqda, dayan
Tapılmaz bənzərin tayın “Qarabağım” ""
.......

Qış gedəcək, əsəcək bahar nəfəsi
Yerdə qalmayacaq məzlumun naləsi
Yüksələcək könüllərdə Xanın səsi
Saracaq vətəni Qarabağ şikəstəsi

Pəri (Sarı Gəlin) - 3 Avqust 2005

9- Borcluyam sənə

Məhəbbətin ruhuma fırtınalar salsada
Sənsiz ürəyim çağlayan sel olsada
Təkcə sənindir bu könlüm, yalniz səni sevəcəyəm
.......

Dodağım sənsiz gülüşə həsrət qalsada
Ayrılıq qəmi indi qəlbimi sıxsada
Bu arzu yaşadır məni "bir gün gözlərinə güləcəyəm"
...........

Heç inanmazdım belə sevdalanam
Eşqi tanıyam mən, ürəkdən bağlanam
Səxavətlə bəxş etdiyin bu sevgiyə gözümtək baxacağam
.......

Yox günəşim deyilsən başına dolanam
Demirəm mənəm pərvanən oduna yananam
Sən canımsan bu şirin canı ruhumla, qanımla qoruyacağam
...........

Yağmurlu bir gün yazdım ürəyimə səni
Hər yağan yağmur yaşadacaq bu sevgini, səni
Allaha, buluda, yağmura, sənə borcluyam, səni sevirəm
.......

Ulduzlar ovuclarıma qonur görəndə səni
Dunyam sevincə, nura boyanır görəndə səni
Səadəti, sevinci, sevgini, sənə borcluyam, səni seviram
"səni sevirəm"
...........

Pəri (Sarı Gəlin) - 15 Sentyabr 2005

10- Dünya bizimdir... Günəş bizimdir!

Ezizim qəm yemə ki dünya bizimdir
Egər ağladıq bu gün, sabah bizimdir
Gecəmiz indi qaranlıqsa, üzülmə
Bax! Günəş var o uzaqda ki bizimdir
.......

Ezizim dünyamız beləcə qalmıyacaq
Oyanar baxtımız yuxuya qalmıyacaq
Boylanacaq çəməndə gül də çiçək də
Tikan budağı bağçalarda qalmıyacaq
.......

Ezizim dünya gülüstan olar bir gün
Bülbül ötər, nəğməkar olar bir gün
Məhəbbət məskəni olar könüllər evi
Dərdimiz gedər, dərman olar bir gün
.......

Ezizim dünyadir bu, darıxma sən
Acısı da var şirini də, darıxma sən
Mən də gözləyirəm o aydın səhəri
Bilirəm yoldadır gəlir darıxma sən
.......

Ezizim qəm yemə ki dünya bizimdir
Egər ağladıq bu gün sabah bizimdir
Gecəmiz indi qaranlıqsa üzülmə
Bax günəş var o uzaqda ki bizimdir...
.......

Pəri (Sarı Gəlin) - 14 Noyabr 2005

11-İgidlər

Dağlar kimi sinəsi dağ
başı dumanlı olan
igidlərə eşq olsun!
.......

Öz həyatından pay verən
el içinə ışıq saçan
igidlərə eşq olsun!
.......

Əldə qələm, xalqa yaxın acılarını daşıyan
haqqı yazıb, alovtək yalanın xərmənin yaxan
igidlərə eşq olsun!
.......

Torpağına aşiq olan, yar bilib sevgi duyan
yar yolunda candan olan, namusunu qoruyan
igidlərə eşq olsun!
.......

Zalimlərə qarşı çıxan, zülm selinə divar duran
Kör oğlutək, Nəbi kimi, Babək misal qaya olan
igidlərə eşq olsun!
.......

Vaxt varki küləyə dönüb sitəm kökün yerdən qazan
bəzən sərin səhər yeli, gülün saçını darayan
igidlərə eşq olsun!
.......

Ac qalsada baş əyməyən, namərd çörəyin yeməyən
başı uca, ruhu azad, baxışından mərdlik yağan
igidlərə eşq olsun!
.......

Yurdum deyib, elin sevən, millətinə dayaq olan
əli açıq, ilqarı düz, haqqı nahaqqa satmayan
igidlərə eşq olsun!
.......

İstiyərək canın verən, malın verən, ana dilini yaşadan
dillərindən heç düşməyən vətən adı "Azərbaycan"
igidlərə eşq olsun!
...................

Pəri (Sarı Gəlin) – 2005

12-Azad ol

Qanadı Kəsik bir quşam, uçmaqdan diyən olmasın
Nəğmələrim həzin həzin, "şən oxu" diyən olmasın!
... ... ...

Yaralı könlüm vətən yadilə sinəmdə çırpınır
Keçmişi unud, xatırlama bir daha diyən olmasın!

*** *** ***

Çiçəklənmiş, başı göklərdə olan ümid ağacımı
Qəm tişəsi yixib, yenidən gül açar diyən olmasın!
... ... ...

Duyğu bağçamın, candan sevən, tək bağbanidım
Talan etdi payız gülzarımı, yaz gələr diyən olmasın!
*** *** ***

Kimsə eşitməz həsrətdən doğulan uca səsimi
Dağlara dəyər qayıdar, bir duyan var! diyən olmasın!
... ... ...

Qanadın vardır əgər uç göklərə, Azad ol qardaş
Mən qəfəsdə qanadım kəsik! uçmaqdan diyən olmasın!
*** *** ***

Pəri (Sarı Gəlin) - İyul 2005

Labels:

0 Comments:

Post a Comment

<< Home